Qarabağda əksər turizm növlərini inkişaf etdirmək mümkündür - Müzəffər Ağakərimov 

14:56 06.04.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

İşğaldan azad olunmuş ərazilərdə turizmin inkişafı üçün xüsusi proqram hazırlanmalıdır

Pandemiyadan daha çox zərər çəkən sahələrdən biri sayılan turizm sektorunun yenidən canlandırılması üçün əlavə tədbirlərə ehtiyac var. Mütəxəssislər hesab edirlər ki, vaxtilə Azərbaycanın ən öndə gedən turizm yerlərindən hesab edilən Qarabağ bölgəsinin işgaldan azad olunması gələcəkdə ölkəmizə turist axınını əhəmiyyətli dərəcədə artıra bilər. Amma bu istiqamətdə hazırlıq işlərinə vaxt itirmədən başlanılması vacib sayılır. Mövzu ətrafında “Həftə içi” qəzetinin müsahibi Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimovdur.

- Müzəffər müəllim, turizm sektoru postpandemiya dövrünə necə hazırlaşır?

- Pandemiya hələ ki, davam edir, bəzi ölkələrdə üçüncü, bəzi ölkələrdə dördüncü dalğa yaşanır. Bu o deməkdir ki, mövcud vəziyyət turizm sektoruna zərbə vurmaqda davam edəcək. Pandemiyadan sonra hələ bir müddət insanlar getmə-gəlmə turizmilə məşğul olmaqdan çəkinəcəklər. Burada psixoloji və digər amillər rol oynayır. Mövcud vəziyyətdə daxili turizmi inkişaf etdirmək olar. Hazırda karantin rejiminin yumşaldılmasından dolayı rayon yolları açıqdır. Demək olar ki, bütün turizm istiqamətlərində doluluq müşahidə olunur. Əgər rayon yolları yenidən bağlanarsa, daxili turizm təkrar böhran vəziyyətinə qayıdacaq. Biz ümid edirik ki, bu yay daxili turizm inkişaf edə bilər. Bildiyimiz kimi ölkəmizdə vaksinasiya uğurla aparılır və proses indiki şəkildə davam edərsə ümidlərimiz özünü doğruldacaq, daxili turizm inkişaf edəcək. Getmə və gəlmə turizminə isə bunu şamil etmək olmaz. Sərhədlər açılana kimi xarici turistləri cəlb etmək üçün turistik obyektlərini epidemoloji tələblərə cavab verən səviyyəyə çatdırmalıyıq. Məhz həmin otellər, turizm, əyləncə və istirahət mərkəzlərini münasib hala salandan sonra xarici turistlərin postpandemiya dövründə ölkəmizə gəlməsinə stimul yaratmaq olar. Biz bu istiqamətdə canlanmanı 2022-ci ildə gözləyirik.

- Azərbaycanda turizmin dəstəklənməsi məqsədilə subsidiyaların verilməsi məsələsi gündəmdədir. Sizcə, turizm sektorunda subsidiya hansı formada və hansı turizm növləri üzrə verilə bilər?

- Təbii ki, pandemiya dövründə turizm sektoruna subsidiyaların verilməsi vacibdir. Turizm sahəsində fəaliyyət göstərən şirkətlərə subsidiyanın verilməsini alqışlayıram. Mənim fikrimcə, subsidiya o turizm şirkətlərinə verilməlidir ki, layihələr ortaya qoyaraq tuirizmin inkişaf yollarını göstərir. Qarabağda, işğaldan azad edilmiş ərazilər üzrə turizm layihələrinə də dövlət dəstəyi olmalıdır. Turizm növlərinin inkişafı üçün təkcə otellərə yox, digər turizm şirkətlərinə, daxili və gəlmə turizmlə məşğul olan şirkətlərə də dövlət dəstəyi göstərilməlidir. Xaricdə iqtisadi böhran olan qurumlara dövlət yardım göstərir ki, sahibkarlar ayağa qalxa bilsin. Turizm iqtisadiyyatda mühüm rol oynayır. Pandemiyadan ən çox zərər çəkən sahə olan turizmin yenidən dirçəldilməsi üçün subsidiyaların verilməsi çox vacib addım olacaq.

- Qarabağda turizmin inkişafından söz düsmüşkən, bununla bağlı hansı təklifləriniz var?

- Qarabağ zonası Azərbaycanın mədəniyyət mərkəzi, milli mədəniyyətin beşiyi hesab edilir. Assosiasiya Qarabağda turizmin inkişafına dair təklif və tövsiyələr hazırlamaqdadır. Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən, həmin ərazilər təhlükəsiz olduqdan sonra oralara turizm marşrutları təşkil etmək lazımdır. İşğaldan azad olunan yerlərdə müxtəlif turizm növlərini inkişaf etdirmək mümkündür. Məsələn, orada mədəni-maarif, sağlamlıq, kulinar , qış turizmini və s. növlərin inkişafı üçün əlverişli şərait mövcuddur. Həmin ərazilərdə beynəlxalq hotellərlə yanaşı, ikiulduzlu, çoxulduzlu hotellər tikilməlidir. İşğaldan əvvəl Azərbaycanda turizm zonası olaraq Xankəndi, Şuşa, Kəlbəcər, Ağdam məşhur idi. Tutaq ki, Şuşada turizmin müxtəlif növlərini inkişaf etdirmək olar. Sovet dövründə Şuşanın turizm potensialı çox yüksək idi. O ərazidə həmkarlar ittifaqının sanatoriyası yerləşirdi. Çox sayda insan istirahət üçün Şuşaya üz tuturdu. Şuşanın istirahət etmək, insanları qəbul etmək üçün yaxşı potensialı var idi. Təbii gözəlliyi, tarixi abidələri, muzeyləri və s. bir çox səbəblərə görə, Şuşanı turizm incisi adlandırmaq olar. Deyərdim ki, Şuşa Qarabağın turizmində ilk yerlərdən birini tutur. Azərbaycan Turizm Assosiasiyası idarə heyətinin üzvləri ekspertlərlə birlikdə bu sahədə müəyyən işlər görməyə çalışır. Marşrut proqramları, turizm potensialının incəlikləri araşdırılır. Həm daxili, həm də xarici turizmin inkişafı üçün müxtəlif layihələr hazırlayır. Biz hesab edirik ki, Şuşada turizmin inkişafına təkan verəcək bütün işlər mərhələli şəkildə aparılmalıdır. "İnfrastruktur düzələndən sonra, Şuşada müxtəlif tipli otellərin inşasına start verilməlidir. Turist axınını təmin etmək üçün qalma yerləri cəhətdən problem yaşanmamalıdır. İlk növbədə ekoloji otellər tikilməlidir. Digər tərəfdən, biz təkliflə çıxış etmişik ki, Şuşada Azərbaycan Turizm və Menecment Universitetinin və Bakı Turizm Peşə Məktəbinin filialları da açılsın. Bu, həmin ərazidə turizm kadrları hazırlamaq üçün lazımdır. Şuşa və yaxın ərazilərdə yaşayan gənclər həmin tədris müəssisələrində oxuyub turizm məkanlarında işləmək imkanı əldə edə bilərlər. Eyni zamanda, ilk olaraq Şuşada 5-6 turizm şirkəti açılmalıdır. Təkcə Şuşada deyil, Ağdamda, Kəlbəcərdə də açılması lazımdır. İndi bizdə əsasən,

regionlar üzrə hələlik 4 istiqamət nəzərdə tutulub, şimal-şərq, şimal-qərb, qərb və cənub regionları. Demək olar ki, bütün istiqamətlərə yerli turist axını var. Hesab edirik ki, Qarabağda infrastruktur qurulandan və turizmin inkişaf etdirilməsi üçün müvafiq şərait yaradılandan sonra bu zonaya turist axını daha çox olacaq.  Bu istiqamətdə daha yaxşı nəticələr əldə edilməsi üçün bütün turizm qurumları səfərbər olmalıdır. Hər kəs bir tərəfdə təklif hazırlamamalıdır,turizm qurumları Dövlət Turizm Agentliyinin ətrafında birləşərək bu işi görməlidirlər. Bununla bağlı xüsusi proqram işlənib hazırlanmalıdır. Daxildən, xaricdən gələn turistlər də mütləq Qarabağda olmaq istəyəcəklər. Azərbaycan Turizm Assosiasiyası isə qısa bir müddətdə artıq iki marşrut işləyib hazırlayıb. Bunlardan biri Azərbaycan əsgərinin zəfər yürüşüdür. Füzulidən başlamış Şuşaya qədər. Digəri isə Şuşa Azərbaycanın taçıdır adlı marşrutdur. Eyni zamanda, biz təklif etmişik ki, türk dövlətlərinin turizm təşkilatı yaradılsın. Arzu edirik ki, türk dövlətlərinin turizm rəhbərləri məhz Şuşada bir tədbir keçirsinlər. Bu Şuşanın turizm potensialının təbliğatı baxımından çox böyük addım olardı.

- Sizcə, Qarabağ bölgəsi nə vaxtdan turist qəbul etməyə hazır olacaq?

- Bilirik ki, hazırda işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri aparılır, yollar çəkilir, infrastruktur qurulur. Təbii ki, bir də təhlükəsizlik məsələsi var. Bütün bunlar yekunlaşandan sonra bölgə turist qəbul etməyə hazır olacaq. Bununla bağlı konkret vaxt söyləmək çətindir. Həmin ərazilərdə görüləsi hələ çox iş var. Bununla yanaşı, biz işğaldan azad olunmuş ərazilərin tamamilə yenidən qurulmasını gözləməməliyik. Həmin ərazilərdə turizmin inkişafı üçün proqramı vaxt itirmədən indidən hazırlamalıyıq. Eyni zamanda, xaricdəki diaspora təşkilatları, səfirliklər, konsulluqlar Qarabağın turizm potensialının təbliğ olunmasında yaxından iştirak etməlidirlər. Bu məsələdə biz də dəstəyimizi əsirgəməyəcəyik. Hazırda Gürcüstanda, Dubayda, Malaziyada, Rusiyada, Türkiyədə nümayəndəliklərimz fəalyyət göstərir. Amma bizim hədəfimiz dünyanın 50 ölkəsində nümayəndəlyimizi təsis etməkdir. Biz düşünürük ki, həmin nümayəndəliklər vasitəsilə Azərbaycanın, xüsusilə Qarabağ zonasının turizm potensialının təbliğatını həyata keçirək.